Radikulit – fəqərəarası dəliyə daxil olan sinir köklərinin iltihabıdır. Güclü və dözülməz ağrı ilə özünü büruzə verən bu xəstəlik 95% hallarda osteoxondroz, qalan 5% hallarda isə travma, onurğa sütununun deformasiyası və yırtıqları nəticəsində əmələ gəlir. Bu xəstəlik oturaq həyat tərzi sürən insanlarda və professional idmançılarda daha çox təsadüf edilir. Radikulitin boyun, boyun-çiyin, döş, bel-oma növləri ayırd edilir.
- Boyun radikuliti zamanı boyunda ağrı yaranır və bu ağrı başın hərəkəti zamanı güclənir. Bəzən başgicəllənmə, eşitmənin zəifləməsi, müvazinət pozğunluqları da (səndələmə) müşahidə olunur.
- Döş radikuliti zamanı döş qəfəsi və ürək nahiyyəsində yayılmış ağrılar olur.
- Bel-oma radikuliti zamanı yeriyəndə və əyiləndə beldə güclü ağrılar yaranır.
- Radikulitin əlamətlərinin biri də zədələnmiş sinir proyeksiyalarında hissiyyatın itməsidir. Həmçinin keyləşmə, əzələ zəifliyi, göynəmə, baş ağrısı, baş gicəllənmə, eşitmə-görmə zəifliyi – bütün bunlar beyin-qan dövranı pozulması ilə əlaqədar yaranır.
Onurğanın aşağı hissələrinin radikuliti isə bağırsaqların və sidik kisəsinin funksiyalarında problemlərlə özünü biruzə verir.
Radikuliti başqa xəstəliklərdən aşağıdakı əlamətlərlə seçilir:
- Ağrı qəflətən yaranır, öz-özünə keçə bilər lakin yenidən yarananda daha güclü olur.
- Arxa üstə uzanmış insan ayağını düz qaldıranda ağrı artır.
- Uzanmış vəziyyətdən oturaq vəziyyətə keçəndə ayaq reflektor qatlanır.
- Asqırıq və öskürək zamanı kəskin ağrı, başı önə əydikdə ağrıların artması.
- Hərəkətsiz vəziyyətdə ağrı azalır. Gecələr xəstənin şikayətləri artır.
- Tərləmə, üzün avazıması.
Başqa hansı amillər radikulitin yaranmasına təsir edir:
- Stress
- İnfeksiyalar
- Mübadilə pozğunluqları (artıq çəki)
- Ağırlıq qaldırma
Hamilə xanımlarda çəkinin kəskin artması ilə əlaqədar yarana bilər. Düzgün qidalanmama da həmçinin Radikulitin yaranmasına səbəb ola bilər, xüsusilə duzun artıq qəbulu.
Radikulitin müalicəsi kompleks şəkildə aparılmalıdır.
- Medikamentoz müalicə
- Fizioterapiya
- Manual terapiya
- Müalicəvi idman
Müalicə nəinki radikulitin kəskinkəşməsini aradan qaldırır, həm də növbəti kəskinkəşmələrin qarşısını alır.