Sağlamlığınız üçün burdayıq!

Radikulit nədir

Radikulit – fəqərəarası dəliyə daxil olan sinir köklərinin iltihabıdır. Güclü və dözülməz ağrı ilə özünü büruzə verən bu xəstəlik 95% hallarda osteoxondroz, qalan 5% hallarda isə travma, onurğa sütununun deformasiyası və yırtıqları nəticəsində əmələ gəlir. Bu xəstəlik oturaq həyat tərzi sürən insanlarda və professional idmançılarda daha çox təsadüf edilir. Radikulitin boyun, boyun-çiyin, döş, bel-oma növləri ayırd edilir.

  • Boyun radikuliti zamanı boyunda ağrı yaranır və bu ağrı başın hərəkəti zamanı güclənir. Bəzən başgicəllənmə, eşitmənin zəifləməsi, müvazinət pozğunluqları da (səndələmə) müşahidə olunur.
  • Döş radikuliti zamanı döş qəfəsi və ürək nahiyyəsində yayılmış ağrılar olur.
  • Bel-oma radikuliti zamanı yeriyəndə və əyiləndə beldə güclü ağrılar yaranır.
  • Radikulitin əlamətlərinin biri də zədələnmiş sinir proyeksiyalarında hissiyyatın itməsidir. Həmçinin keyləşmə, əzələ zəifliyi, göynəmə, baş ağrısı, baş gicəllənmə, eşitmə-görmə zəifliyi – bütün bunlar beyin-qan dövranı pozulması ilə əlaqədar yaranır.

Onurğanın aşağı hissələrinin radikuliti isə bağırsaqların və sidik kisəsinin funksiyalarında problemlərlə özünü biruzə verir.

Radikuliti başqa xəstəliklərdən aşağıdakı əlamətlərlə seçilir:

  • Ağrı qəflətən yaranır, öz-özünə keçə bilər lakin yenidən yarananda daha güclü olur.
  • Arxa üstə uzanmış insan ayağını düz qaldıranda ağrı artır.
  • Uzanmış vəziyyətdən oturaq vəziyyətə keçəndə ayaq reflektor qatlanır.
  • Asqırıq və öskürək zamanı kəskin ağrı, başı önə əydikdə ağrıların artması.
  • Hərəkətsiz vəziyyətdə ağrı azalır. Gecələr xəstənin şikayətləri artır.
  • Tərləmə, üzün avazıması.

Başqa hansı amillər radikulitin yaranmasına təsir edir:

  • Stress
  • İnfeksiyalar
  • Mübadilə pozğunluqları (artıq çəki)
  • Ağırlıq qaldırma

Hamilə xanımlarda çəkinin kəskin artması ilə əlaqədar yarana bilər. Düzgün qidalanmama da həmçinin Radikulitin yaranmasına səbəb ola bilər, xüsusilə duzun artıq qəbulu.

Radikulitin müalicəsi kompleks şəkildə aparılmalıdır.

  • Medikamentoz müalicə
  • Fizioterapiya
  • Manual terapiya
  • Müalicəvi idman

Müalicə nəinki radikulitin kəskinkəşməsini aradan qaldırır, həm də növbəti kəskinkəşmələrin qarşısını alır.