Bu gündən Azərbaycanda koronavirus əleyhinə “Pfizer” peyvəndinin tətbiqinə başlanılır. Hazırda “Pfizer”lə yanaşı, Çinin “Sinovac Biotech”, Rusiya istehsalı olan “Sputnik V” vaksinləri də istifadolunur. Bu baxımdan vətəndaşlar seçim qarşısında qalıb və hansı vaksinin daha effektli olması ilə maraqlanır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Sfera.az-a açıqlamasında deyib ki, ölkədə vaksinlərin seçimi insanların əlində deyil: “Vaksinlərin nə qədər olmasından asılı olmayaraq, onlar paylanılacaq. Ola bilər ki, kiməsə “Pfizer”, kiməsə “SinoVac” və ya “Sputnik-V” düşsün”.
Müsahibimiz hansı peyvəndin daha effektli olduğundan da söz açıb: “”Pfizer” matrisalı RNT tərkibli bir vaksindir. Bu, biotexnologiyanın müasir üsulu ilə alınıb və effektlilik dərəcəsinə görə ən yüksək səviyyəli peyvənd hesab edilir. Amma hamıya bunun vurulma imkanı yoxdur. Çünki digər vaksinlər də var. İstifadə üçün “Pfizer” daha məqsədəuyğun olsa da, bunu imkanlar daxilində etmək mümkündür”.
Qeyd edək ki, 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Son statistikaya əsasən, Azərbaycanda vurulan vaksinlərin ümumi sayı isə, 2 546 169, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 611 165, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 935 004 təşkil edir.