“PROACT-Care” layihəsi çərçivəsində ÜST Şamaxının Dəmirçi kəndində TƏBİB-ə 3 mobil klinika və yüksək keçid qabiliyyətinə malik 2 avtomobil təhvil verib.
“Report” xəbər verir ki, tədbirdə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı, TƏBİB sədri Ramin Bayramlı, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger iştirak ediblər.
Məlumata görə, mobil klinika sayəsində rayonda qeyri-infeksion xəstəliklərin vaxtlı-vaxtında diaqnostikası və müayinəsi, həmçinin infeksion xəstəliklərin profilaktikası və müayinəsi mümkün olacaq. Mobil klinikadan Şamaxıda COVID-19-a qarşı mübarizədə də istifadə olunacaq.
Tədbirdə çıxış edən TƏBİB sədri Ramin Bayramlı bildirib ki, ölkənin bütün regionlarının kəndlərində tibb mərkəzlərinin yaradılması planlaşdırılır.
“İqtisadi yüksəliş məqsədlərimizə çatmağa imkan verəcək. İstəyirik ki, ölkəmizin ən ucqar kəndlərində birinci tibbi yardım almaq imkanı olmalıdır”, – o qeyd edib.
Layihə USAID, UKAID və UHC-nin maliyyə dəstəyi ilə həyata keçirilib. “PROACT-Care” layihəsinin icrasında ÜST-ün Azərbaycanda ofisinə TƏBİB, Şamaxı rayonu İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi, Heydər Əliyev Fondu və UNICEF kömək edib.
Yaxın gələcəkdə layihənin ölkənin digər rayonlarına da genişləndirilməsi planlaşdırılıb.
Çiçək Məmmədova