Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlikdən “Report”a verilən məlumata görə, T.Musayev qeyd edib ki, iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq 18.06.2001-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyası Səhiyyə Nazirliyi arasında 16 maddədən ibarət “Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq Sazişi” çərçivəsində həyata keçirilir.
T.Musayev ölkələr arasında əməkdaşlığın uğurlu olmasını vurğulayaraq, Rusiya tərəfinə pandemiyaya qarşı mübarizədə göstərdiyi dəstəyə, koronavirus infeksiyasına qarşı PZR-testlər və “Sputnik V” vaksini verilməsinə görə minnətdarlığını bildirib.
Azərbaycan səhiyyə nazirinin birinci müavini ötən yay Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun ölkəmizə səfər etdiyini və yeni bir növ COVID-19 sahəsində çalışan mütəxəssislər qrupunun gəldiyini xatırladıb. Onun sözlərinə görə, Rusiya mütəxəssislərinin dəyərli tövsiyələri respublikamızdakı epidemioloji vəziyyətin sabitləşməsinə öz töhfəsini verib.
T.Musayev həmçinin 15 sentyabr 2015-ci il tarixində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılış mərasiminin olduğunu xatırladıb. Onun sözlərinə görə, beynəlxalq reytinqdə ən yaxşı Rusiya tibb universitetinin ilk filialının məhz Azərbaycanda açılması Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycanın Birinci vitse-prezidenti, Seçenov Universitetinin məzunu və fəxri professoru Mehriban Əliyevanın təşəbbüsü sayəsində reallaşıb.
Öz növbəsində, Rusiya səhiyyə naziri Mixail Muraşko qeyd edib ki, ölkələr arasında səhiyyə sahəsində əməkdaşlıq Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın qərarlarına uyğun olaraq həyata keçirilir. Rusiya Səhiyyə Nazirliyinin rəhbəri birinci buraxılışı bu il olmuş İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının fəaliyyətini xüsusi vurğulayıb.
Daha sonra T.Musayev və Mixail Muraşko “Səhiyyə və tibb elmi sahəsində yenilənmiş əməkdaşlıq Sazişi”ni imzalayıblar.
Sənəd “Rusiya Federasiyası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında səhiyyə sektorunda əməkdaşlığın prioritet sahələrinin inkişafına dair 2021-2024-cü illər üçün Yol xəritəsi” barədə məlumatları özündə ehtiva edir.
Yol Xəritəsi əməkdaşlıq sahələrini – infeksion və qeyri-infeksion xəstəliklər; tibb işçilərinin ixtisaslarının təkmilləşməsi; tədqiqat institutları arasında birbaşa əlaqələrin qurulması; elmi tibb müəssisələri və icmalar arasında əlaqələrin qurulması və s. əks etdirir.
Bundan əlavə, sənəddə tədbirlərin keçirilməsi – tibb və əczaçılıq inkişafı sahəsində məlumat mübadiləsi; prioritet sağlamlıq mövzularında seminarlar keçirərək mütəxəssis mübadiləsi və s. əks etdirilib.
Tədbirdə həmçinin Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov iştirak edib.
Qeyd edək ki, Yol xəritəsi Rusiya Federasiyası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən öz səlahiyyətləri çərçivəsində tərtib edilib. Sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 27 aprel 2021-ci ildə Moskvada imzalanmış 19-cu iclasının Protokolunu həyata keçirmək məqsədi daşıyır.