2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər.
TƏBİB Aztibb.az-ın “”Sinovac” peyvəndini vurduran şəxs Avropa ölkələrinə getmək üçün müvafiq olan digər peyvəndi vurdura bilərmi? Bunun nə kimi fəsadları ola bilər?” sorğusunu cavablandırıb.
Qurumdan bildirilib ki, 2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. “Peyvənd sertifikatı”nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq. 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur.
Tədqiqatlara görə, qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul etdiyiniz 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza kimi qəbul oluna bilər.
Həmçinin qeyd olunub ki, peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır. Beynəlxalq səhiyyə qurumları COVID-19 peyvənd və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizminin üzərində işləyir.