Sağlamlığınız üçün burdayıq!

Beşəmlərin anası uşaqları ilk dəfə göstərdi – Körpələrdən 4-ü sağ qaldı

Azərbaycanda 29 yaşlı Lamiyə Mürşüdlü iyunun 12-də beşəm dünyaya gətirmişdi.

Körpələr uzun müddət xəstəxanada qalıblar. Təəssüf ki, onlardan biri vəfat edib. 40 gün sonra xəstəxanadan çıxan beşəmlərdən qalan 4 körpə nəhayət ki, evə buraxılıb.

Gənc ana Lamiyə Mürşüdlü körpələrin durumu barədə məlumat verib. “Beşəm anası olaraq 40 gün sonra özünü həm sevincli, həm də vaxt darlığından yorğun hiss edirəm. Birinin yeməyi bitərkən digərinin başlaması və bu halın davam etməsi yorucudur. Ancaq bu yorğunluq analıq hissi də qarışdığı üçün sevinclidir.Uşaqların səhhəti yarımçıq doğulmuş olmaqlarına baxmayaraq, 40 gün sonra xəstəxanadan çıxmaq böyük uğurdur. 40 gündən sonra uşaqların adlarını qoyduq. Beşəmlər doğularkən də qeyd etmişdik ki, uşaqların adlarını adətə uyğun olaraq nənə və babaları qoyacaq. Elə də oldu. Birinci oğlumun adını qayınatam Altay, ikinci oğlumun adını mənim atam Emil, dördüncü oğlumun adını yoldaşım Turan, qızımın adını isə iki nənə birlikdə Alesya qoydular.İndi dörd uşağa yoldaşımla bərabər baxıram. Sabahdan evdə tək olacam və görək necə baxacam. İcbari Tibbi Sığortadan aldığımız dəstək xəstəxana xərclərinin qarşılanması oldu. Bu bizim üçün böyük dəstək idi. Bildiyiniz kimi, biz ilk müraciətimizi də bu dəstək üçün etmişdik ki, bizə reanimasiya xərclərin qarşılansın. 40 gün ərzində edilən yardıma görə başda cənab prezidentimiz İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk”.