Sağlamlığınız üçün burdayıq!

“Koronavirusun yeni yayılmış “Mu” ştammının təhlükəsi – Sürətlə yoluxdurur…

Yeni ştammla bağlı elmi araşdırmalar olmasa da, sürətlə yayılan bu ştammın vaksinlərə qarşı dayanıqlı olacağı güman edilir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yunan əlifbasındakı hərf sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını “Mu” adlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

May ayından etibarən Domikan Respublikasının böyük şəhəri olan Santo-Dominqoda, həmçinin ölkənin cənubunda yerləşən Bahoruko, Barahona və Asua şəhərlərində “Mu” ştammına yoluxma halları aşkarlanıb.

Rəsmi məlumatlara görə, 10,8 milyon əhalisi olan Dominikan Respublikasında 350 mindən çox insan koronavirusa yoluxub, 4008 nəfər ölüb. İndiyə qədər 4.6 milyondan çox vətəndaş iki doz vaksin alıb.

İndi hər kəsi düşündürə suallardan biri də koronavirusun “Mu” ştammının “Delta” ştammı ilə müqayisədə yoluxdurma və ağırlaşdırma qabiliyyətinin fərqidir.

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusun “Mu” variantnın bir sıra ölkələrdə yayılması artıq narahatlıq yaratmağa başlayıb. V.Cavadzadə bildirib ki, “Mu” ştammı ilə bağlı elmi araşdırmalar olmasa da bu ştammın vaksinlərə qarşı dayanıqlı olacağı güman edilir:

“Bu sahədə ilkin elmi tədqqat işləri aparılmadığından yeni ştammla bağlı geniş məlumatlar yoxdur. Bununla belə “Mu” variantından artıq ölüm halları da qeydə alınır”, – deyə V. Cavadzadə qeyd edib.

İnfeksionist bildirib ki, koronavirusun hər hansı mutasiya etmiş variantının yeni yayılmasına baxmayaraq xəstəliyin müalicə prinspləri eynidir. Onun sözlərinə görə, profilaktika da mutasiya etmiş variantlara qarюı eyni qaydada aparılır. Müalicədə hər hansı fərqli xüsusiyyətlər yoxdur.

V.Cavadzadə hazırda “Delta” ştammının daha sürətlə yayıldığını bildirib:

“Artıq 100-dən artıq ölkədə “Delta” ştammı yayılıb. Bununla belə mutasiya etmiş “Mu” variantı da sürətli yoluxdurma qabiliyyətinə malikdir”, – deyə infeksionist bildirir.

V.Cavadzadə yeni mutasiya etmiş ştammlarla mübarizədə hələki ən uğurlu yolun vaksinasiya olduğunu bildirir. Onun sözlərinə görə, virusun indiyədək mutasiya etmiş variantlarında ölüm halları koronavirus əleyhinə vaksin olunmuş şəxslərdə daha az qeydə alınıb:

“Virus mutasiya olunmaqda davam edir. Ona görə də çıxış yolu virusa qarşı peyvəndlənmədir. Bu halda yoluxma olsa belə ölüm riski kəskin şəkildə aşağı düşür”, – deyə infeksionist bildirib.

Qeyd edək ki, Böyük Britaniyada koronavirusun yeni “Mü” ştammına 48 yoluxma faktı qeydə alınıb. Bu barədə “The Mirror” qəzeti yazıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, “Mü” (Mu) və ya B.1.621 ştammı hazırda 39 ölkədə yayılıb. Alimlər bu mutasiyanın COVİD-19 vaksinlərinə qarşı daha davamlı olduğunu təxmin edirlər. Xatıradaq ki, “Mü” ştammı ilin əvvəlində Kolumbiyada aşkarlanıb. “Mu” variantının ümumən yayılması yavaş olsa da, Kolumbiya və Ekvadorda bu proses artmaqda davam edir.