Baş pediat bildirir ki, qanun və təsdiqlənmiş qaydalara əsasən uşaqların cərrahi yolla dünyaya gəlməsinə ancaq tibbi göstəriş olduğu halda yol verilməlidir.
BAKI, 5 iyun — Sputnik. Azərbaycanda qeysəriyyə kəsiyi ilə doğum halları artıb. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev söyləyib. N. Quliyev bildirib ki, ölkəmizdə hamilə qadınlar arasında qeysəriyyə kəsiyi ilə doğulma 60-80 faizdir. Onun sözlərinə görə, qeysəriyyə kəsiyi ilə doğumların mütləq əksəriyyəti özəl tibb müəssisələrinin payına düşür: “Özəl tibb müəssisələrində doğuşun 90 faizi qeyri-təbii, qeyri-fizioloji və qeyri-insani yolla aparılır. Ödənişli klinikalarda qeysəriyyə əməliyyatına meyilin əsas səbəbi pul məsələsi ilə bağlıdır”.
N. Quliyev həmçinin qeyd edib ki, qeysəriyyə əməliyyatı 100 doğandan 10-a istifadə oluna bilər. Baş pediat deyir ki, hər 100 doğuşdan 10-dan çoxuna müdaxilələr yolverilməzdir: “Əgər bu rəqəmdən artıq doğuşa müdaxilə olunursa bu məqsədli hal kimi qiymətləndirilir. 8-10 saniyəlik doğuş dövrü bizim təsəvvür etmədiyimiz qədər vacib bir prosedurdur. Hansı ki, həmin an dünyaya gələn uşaqda doğuş yollarından keçməklə bir neçə proses baş verir. Uşaq göbək ciftindən ayrılmaqla öz qan dövranı yaranır. Uşaq doğuş yollarından keçərkən onun ciyərindəki 30 milli su məhz doğuş prosesi zamanı xaric olur. Hələki tibbdə elə bir texnologiya yoxdur ki, uşağın ciyərindən bu suyu süni yolla xaric etsin. Məhz doğuş prosesində uşağın ağciyərindəki bu su uşaq doğuş yollarından keçərkən sıxılaraq xaric olur.
N. Quliyev deyir ki, uşaq dünyaya fizioloji qayadlara uyğun dünyaya gəlmədiyi halda uşağın sağlamlığında müxtəlif fəsadlar yaranır: “Bəzən ağciyərlərdən xaric olunmamış o su iltihablaşaraq uşağı öldürə bilər. Ona görə də, hamilə qadınlara tibbi göstəriş olmadan uşağı cərrahi yolla dünyaya gətirməyin onun gələcək övladında hansı fəsadlara yol açacağı həkimlər tərəfindən başa salınmalıdır. Hamilə qadınlar bununla bağlı marifləndirilməli, təbii doğuşun ana və uşaq üçün üstünlükləri təbliğ olunmalıdır”.
Baş pediatr bildirir ki, qanun və təsdiqlənmiş qaydalara əsasən uşaqların cərrahi yolla dünyaya gəlməsinə ancaq tibbi göstəriş olduğu halda yol verilməlidi.