Uşaqlarda burun-udlaq və tənəffüs yolları xəstəlikləri, dəri infeksiyalarına çox rast gəlindiyi üçün antibiotiklərdən geniş istifadə olunur. Antibiotik inyeksiyaları ağrılı olduğundan, körpənin həssas psixikasını zədələyə bilər.
Bu barədə “Erkən Uşaqlıq Dövründə İnkişaf” layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) hazırladığı məlumatda bildirilir.
Qeyd olunub ki, inyeksiyalar yalnız ağrılı deyil, həm də təhlükəli ola bilər. Belə ki, inyeksiya sonrası infiltratların və abseslərin meydana çıxma, hepatit, QİÇS və s. kimi təhlükəli infeksiyalara yoluxma riski var.
Antibiotiklərin inyeksiya şəklində tətbiq olunmasına dair ən çox yayılmış səhv fikirlər bunlardır:
Ciddi bir infeksiya yalnız inyeksiya yolu ilə müalicə olunur.
Məsələn, tənəffüs yolu infeksiyası mikoplazmalar tərəfindən törənərsə, makrolidlərə ehtiyac duyulur və ya betalaktamaz fermentləri istehsal edən mikroflora tərəfindən törənərsə, penisilin, ampisillin və ya oksasillin tabletləri və ya inyeksiyaları təsirli olmayacaq, amoksiklav və ya 2-ci nəsil sefalosporinlər təyin olunmalıdır.
Əzələdaxili inyeksiya şəklində tətbiq edildikdə dərman daha təsirli olur.
Uşaqlar üçün antibiotiklərin müasir oral (ağızdan verilən) formaları 90-95%-ə qədər sorulma qabiliyyətinə malikdir.
Çoxsaylı tədqiqatlar və kliniki təcrübə sübut edir ki, müasir antibiotiklər ağızdan qəbul edildikdə toxumalarda olduqca yüksək dərəcədə konsentrasiya əmələ gətirir.
Eyni zamanda, pnevmoniya kimi bir sıra xəstəliklərin müalicəsində tətbiq olunan antibiotiklər yalnız oral formada mövcuddur.
2-3 gün ərzində əzələdaxili yeritmədən daha ağrısız olan venadaxili terapiya və vəziyyət sabitləşdikcə, peroral formalar təyin olunur. Beləliklə, stres və lazımsız ağrının qarşısı alınır.